Orta Dəhliz qlobal ticarəti necə dəyişir | Çindən baxış

   Orta Dəhliz qlobal ticarəti necə dəyişir    | Çindən baxış
  06 Fevral 2024    Oxunub:5614
Van Tsi
Tsinhua Universitetinin Çin-Rusiya Strateji Əməkdaşlıq İnstitutunun icraçı direktoru
Xüsusi olaraq AzVision.az üçün

“Bir kəmər, bir yol” layihəsinin əsas hissəsi – Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) Çini Mərkəzi Asiya və Azərbaycan vasitəsilə Avropa ilə birləşdirən strateji nəqliyyat marşrutudur. İqtisadi inkişafa, siyasi sabitliyə və qarşılıqlı mədəni əlaqələrə ciddi təsiri baxımından dəhlizin region və Avropa üçün əhəmiyyəti çoxcəhətlidir.
Son illərdə Orta Dəhlizin formalaşması davamlı irəliləyişlə səciyyələnir. Bu, beynəlxalq əlaqələrin güclənməsinə, regionun iqtisadi inkişafına, həmçinin qlobal tədarük zəncirinin sabitliyinə böyük töhfə verir. Xüsusilə dəhlizin tikintisinin sürətləndiyi 2022-ci ildə Çin və Avropa arasında dəmiryolu nəqliyyatı, habelə infrastruktur və ticarət əlaqələri möhkəmlənməyə başlayıb.

Hazırda Orta Dəhliz üzərində Çinin Sian, Urumçi, Tsinhua şəhərlərindən müntəzəm dəmiryolu daşımaları həyata keçirilir. Bu çərçivədə dəniz nəqliyyatı əməkdaşlığı da əhəmiyyətlidir. 2023-cü ildə Şantun limanlar qrupu, Sindao limanı və Bakı limanı arasında qarşılıqlı əlaqə gücləndirilib ki, bu, gələcəkdə “yaşıl” və “ağıllı” limanların təşəkkülünə, dəhliz vasitəsilə yükdaşımaların artmasına təkan verəcək.

2023-cü ilin oktyabrında Çin Sədri Si Cinpin üçüncü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı Orta Dəhlizin tikintisində və Çin-Avropa dəmiryolu nəqliyyatının möhkəmlənməsində ölkəsinin marağını diqqətə çatdırıb. Çin Azərbaycanla da dəhlizin tikintisi və istismarı, transsərhəd yükdaşımalarının və regional əlaqələrin inkişafı sahəsində əməkdaşlığa maraqlıdır ki, bu, dəhlizboyu ölkələrin iqtisadi, habelə sosial həyatına müsbət təsir göstərəcək.

Mövzu ilə əlaqədar digər yazılar:
"Orta Dəhliz"də bürokratik əngəllər varmı? | VİDEOMÜSAHİBƏ
Orta Dəhliz: Tək əldən səs çıxmaz – Videomüsahibə
Orta Dəhlizin ortaq problemləri: Hansı həllər var | (Videomüsahibə)
“Orta dəhliz”də qüvvələri birləşdirmək lazımdır - Maqbat Spanov (Video)

Çin Orta Dəhlizi qərb ölkələri ilə iqtisadi-ticari əlaqələri genişləndirmək baxımından vacib amil sayır. Dəhliz Avropa bazarlarına çıxış üçün ənənəvi dəniz yolu ilə müqayisədə qısa alternativ marşrut kimi yükdaşıma müddətini ciddi dərəcədə azaldır. Beləliklə, nəinki Çin malları Avropata daşınır, eləcə də ölkənin qərb regionlarının iqtisadi inkişafı stimul qazanır.

Azərbaycan qərblə şərqin kəsişməsindəki mövqeyi etibarilə nəhəng marşrutun mərkəzindədir. Ölkə dəhliz vasitəsilə regional və beynəlxalq ticarətdə strateji əhəmiyyət qazanır, iqtisadi infrastrukturunu möhkəmləndirir, həmçinin yeni bazarlara çıxış, mal və xidmətləri üçün ixrac imkanları əldə edir.

Orta Dəhliz Mərkəzi Asiyanın iqtisadi yüksəlişini, qlobal iqtisadiyyata inteqrasiyasını təmin edir. Ölkələr öz mallarını, o cümlədən təbii sərvətlərini Avropaya çıxarır, xarici investisiya cəlb edirlər. Regionda nəqliyyat infrastrukturu və tranzit potensialının artması ölkələrin geosiyasi mövqeyini də gücləndirir.

Avropa ölkələri Orta Dəhlizi Çin və Mərkəzi Asiya ilə ticarətdə sərfəli alternativ marşrut kimi görürlər. Beləliklə, ticarət yolları şaxələndikcə ənənəvi dəniz nəqliyyatından asılılıq azalır. Bu, qlobal siyasi və iqtisadi sabitlik kontekstində çox mühüm amildir.

Dəhliz həmçinin Avropa ilə dəhlizboyu ölkələr arasında tərəfdaşlıq fürsətləri doğurur və qitədə geniş siyasi-iqtisadi əməkdaşlıq sahəsi formalaşdırır.

Ümumiyyətlə, Orta Dəhliz yeni iqtisadi dinamikanın təşəkkülünə, Asiya və Avropa arasında qarşılıqlı mədəni əlaqələrin dərinləşməsinə, iştirakçı ölkələrin inkişafına əhəmiyyətli fayda verir.


Teqlər: Orta-Dəhliz  





Xəbər lenti